- •Fəsil 8. Adam smitin iqtisadi təlimi
- •§ I. A. Smit və onun yaşadiği dövr haqqinda
- •§ 2. A. Smit və onun "xalqlar sərvətinin təbiəti və səbəbləri haqqinda tədqiqat" əsəri
- •§ 3. A.Smitin əmək bölgüsü, mübadilə və pul haqqinda təlimi
- •§4. A.Smitin qiymət və dəyər nəzəriyyəsi
- •§5. A.Smitin siniflər və gəlirlər barədə fikirləri və bunlarla əlaqədar onun əmək haqqi, mənfəətvə renta nəzəriyyəsi
- •§6. A.Smitin kapital və təkrar istehsal haqqinda təlimi
- •§7. A.Smit məhsuldar və qeyri-məhsuldar əmək haqqinda
- •Fəsil 9. D.Rikardonun iqtisadi təlimi §.1 d.Rikardonun baxişlarinin formalaşmasinin tarixi şəraiti
- •§ 2. D.Rikardonun iqtisadi sistemi və metodu
- •§3. D.Rikardonun "siyasi iqtisadin və vergi qoyulmasinin əsaslari" əsəri və iqtisadi nəzəriyyələri
- •Fəsil 10. Klassik siyasi iqtisad məktəbinin davami və tənqidi
- •§1. S.Sismondi
- •§2. Pyer jozef prudon
- •§3. Nassau uilyam senior
- •§4. Con ramsey mak - kullox
- •§5. Tomas robert maltus
- •§6. Jan batist sey
- •§7. Fridrik bastia
- •Fəsil 11. K. Marksin iqtisadi təlimi
- •§1. K.Marks alternativ iqtisadi təliminin yaradicisidir
- •§ 2. K.Marks təliminin iqtisadi mahiyyəti
- •Və xüsusiyyətləri
- •§ 4. K.Marksin iqtisadi təliminin iqtisadi təfəkkürün formalaşmasindaki rolu
Fəsil 8. Adam smitin iqtisadi təlimi
İqtisadiyyatın xüsusiyyətlərinin araşdırılmasının bir elm olaraq ortaya çıxması Adam Smitlə başlayır. A.Smit klassik siyasi iqtisad adlandırılan iqtisadi fikir sisteminin qurucusu olmuş və onun ideyaları zəmanəmizdə də iqtisadi düşüncənin özəyini təşkil edir.
A.Smit özünün iqtisadi sistemini 1767-1776-cı illərdə yazdığı "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat" adlı əsərində yaratmışdı. Onun bu əsərinin əsas tədqiqat predmeti xalqların sərvəti və onun artırılmasının mənbə və yolları, stimulları və qanunlarıdır. Ona görə də bu əsər "millətlərin zənginliyi", "xalqların sərvəti" adları ilə də istifadə edilir. İqtisad tarixində kitabı bu qədər oxunan bir başqa iqtisadçı yoxdur. Məşhur iqtisadçıların söylədiyi kimi A.Smitin bu kitabı "Liberalizmin incili" halına gəlmişdir.
§ I. A. Smit və onun yaşadiği dövr haqqinda
1723-cü ildə anadan olan Adam Smit 14 yaşında Qlazqo Universitetinə girmiş və teologiya, əxlaq elmi, hüquq və siyasi iqtisad təhsili almışdır. Üç il sonra təqaüd alma haqqı qazanaraq Oksforda Valliol kollecinə getmiş və orada 6 il oxumuşdur. 27 yaşında Qlazqo Universitetində məntiq müəllimi kimi işə başlamışdır. Bir il sonra əxlaq fəlsəfəsi professoru, yeddi il sonra həmin məktəbdə dekan olmuşdur. İlk böyük kitabı "Əxlaqi hisslər nəzəriyyəsi" 1759-cu ildə çap edilmişdir.
Manufaktura dövrünün ən görkəmli iqtisadçısı olan A. Smit çox böyük intellektə malik, humanist insan idi. Ədalətsizliyi, amansızlığı, zorakılığı sevməzdi. O, zəka və mədəniyyətin müvəffəqiyyətinə inanan, sözün əsl mənasında böyük ziyalı olmuşdur.
A. Smitin dövründə Böyük Britaniya dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən qüdrətli dövləti idi. XYIII əsrdə İngiltərədə sənaye və kənd təsərrüfatı inkişaf etmiş, xarici ticarəti genişlənmişdi. Təxminən XYIII əsrin 50-ci illərində Şotlandiya böyük mədəni yüksəliş mərhələsinə daxil olur ki, bu da elm və incəsənətin müxtəlif sahələrdəki inkişafında özünü göstərir.
A.Smit Qlazqoda professor Fransis Hatçesonun ictimai quruluş haqqında mühazirələrinə qulaq asmışdı, o zaman iqtisadiyyat da bura daxil idi. Məhz bu mühazirələrdən A.Smit özü də hiss etmədən iqtisadi biliklər almışdı. Professor F. Hatçeson iqtisadi məsələlərdə merkantilist mövqe tuturdu. Lakin XYIII əsrin sonu və XIX əsrin əvvəllərində merkantilizm dağılır və ona əsas zərbəni öz əsəri ilə A. Smit endirir.
A. Smit tədricən yaşadığı cəmiyyətin daxili quruluşuna dərin nüfuz edir və öz iqtisadi təlimini yaradır. O, öz iqtisadi nəzəriyyəsini əmək-dəyər nəzəriyyəsinin zəminində qurur ki, bu da ona fiziokratlarla müqayisədə irəliyə doğru mühüm addım atmağa imkan vermişdi.
A. Smitin bir iqtisadçı kimi şöhrət tapmasında yaranan ictimai mühitin, yəni kapitalist münasibətlərinin hökmranlığı və inkişafda olması şəraitinin də mühüm rolu olmuşdur.
İngiltərədə ilkin kapital yığımının tarixi prosesinin başa çatması, istehsalın manufaktura formasının üstünlük təşkil etməsi, sənaye çevrilişinin baş verməsi, ölkənin rəqabət mərhələsinə keçməsi, İngiltərə burjuaziyasında ictimai inkişafı sürətləndirməyə və azad sahibkarlıq fəaliyyətinə həvəs yaranmasına səbəb oldu. Bütün bu və digər amillər kapitalizmin feodalizmdən üstünlüyünü elmi şəkildə təsdiq edən təlimin yaradılmasına ehtiyac yaratdı. Beləliklə, XYIII əsrin ikinci yarısında İngiltərədə iqtisadi fikirlər inkişaf etməyə və tərəqqi yolunda olan yeni quruluşun elmi təhlilinə başlandı. Məhz belə bir şəraitdə A. Smit dahisi üzə çıxdı. O, azad sahibkarlıq mərhələsində kapitalist təsərrüfatının fəaliyyəti prinsiplərini nəzəri əsaslandıran elmi-siyasi iqtisadın sistemini yaratmağa cəhd edir və özünün şah əsərini yazır.